Pomidor haqqında 1753-cü ildə İsveç alimi Karl Linney tərəfindən “Bitki növləri” adlı təsnifat kitabında elmə bir termin daha daxil olur- Solanum Lycopersicum. Mənası latıncadan “canavar şaftalısı” olan bu bitki günümüzün pomidorudur. Dövlət Gömrük Komitəsinin 2022-ci ili üçün verdiyi statistikada pomidor ölkəmizdən ən çox ixrac olunan məhsuldur. Ona görə də bu bloqu pomidora həsr edirik. Rus alimi Nikolay Vavilov “Mənşə mərkəzləri” əsərində mədəni bitkilərin 7 mənşəsini vurğulamışdır. Pomidorun mərkəzi Cənubi Amerika Mənşəsidir, daha doğru desək, Qalapaqos adaları, Sakit okean sahilləri boyunca ensiz zolağı əhatə edən Ekvador,Peru və Çili əraziləridir. Pomidor, içində toxumları olan, lətli, xaricdən qabıqla əhatə olunmuş tərəvəzdir. Qabığı nazik ləti çox olan meyvələr daha dadlı hesab olunur. Əcdadı sayılan cır pomidordan fərqli olaraq daha böyük, daha dadlı və istifadəyə yararlıdır. Pomidorun keyfiyyətlərinin yaxşılaşdırılması istehlak üçün əlverişli olsa da özü ilə bəzi müasir problemləri də gətirdi. Dövrümüzdə və yaxın keçmişdə baş verən seleksiyalar nəticəsində məhsuldarlıq, rəng, dad kimi parametrləri dəyişib yüksəltsələr də yeni sortların əcdadları ilə müqayisədə virus, xəstəlik və abiotik təsirlərə dözümlülüyü azalıb. Aşağıdakı şəkildə hal-hazırda istifadə olunan pomidorun əcdadını görə bilərsiniz. Pomidorlar xarici əlamətlərinə görə bir birindən fərqlənir və 2000-dən çox sortu vardır. Pomidorları fərqləndirən əsas keyfiyyətlər onun rəngi, forması və ölçüsüdür. Cherry(albalı) tip pomidor meyvəsi ən kiçik ölçüyə malik olan pomidordur. İddia olunur ki, göstəriciləri və genotipi cır pomidora ən yaxın olan tipdir. Sferik şəkildə olan müxtəlif rəngli (sarı, narıncı, qırmızı, yaşıl, bənövşəyi və qara) meyvələr adətən dekorativ süfrələrdə istifadə olunur. Pear (armud) və ya Teardrop (göz yaşı) tip pomidorlarla formadan başqa eyni keyfiyyətləri bölüşür. Ölçüsündən başqa digər özəllikləri eyni olan tip isə cocktail (kokteil) tipdir. Cocktail tip pomidorlar Cherryə nisbətən daha böyük olur. Plum (gavalı) tip pomidorlar iki kameradan ibarətdir və ən çox sənayedə- tomat hazırlanmasında istifadə olunur. Roma tipi ilə demək olar ki eyni göstəricilərə sahibdir. Lakin, Plum tip şirin dadlı Roma tip isə turş dadlıdır. Cluster (salxım) tip pomidorların adından göründüyü kimi hər budaqda 4 və daha artıq meyvələri olur. Meyvə ölçüsü böyüdükcə salxımda olan meyvələrin sayı azalır. Forması adətən yumru, ölçüsü orta, rəngi isə qırmızı olur. Calyx (ləçəyi)ön planda olur. Beef və ya Beefstake tip pomidorları ölçüləri iri olduğuna görə mal əti ilə müqayisə olunur və adını hərfi tərcümədən ordan götürüb. Rəng, ölçü və formasına görə Beef pomidor tiplərinin də Cherry kimi kultivarları vardır. Adətən çəkisi 250 qramdan yuxarı, 5 və daha artıq kamerası olan tiplərə Beef deyilir. Rəngləri yaşıl, qırmızı, çəhrayı, qaramtıl və bənövşəyi, forması isə qırış (ribbed), yuxarıdan basıq (globe), oval və ürək şəkilli (oxheart) olur. Dünyada istehsal və istehlak olunan ən məşhur pomidor toxum kultivarlarını aşağıdakı şəkillərdə görə bilərsiniz. Qeyd etmək istərdik ki, dünyada yetişdirilə bilən və GMO olmayan, Ginnesin rekordlar kitabına daxil olan ən böyük pomidor Beef tipdir və çəkisi 7,64 kq-dır.
Yaranma Tarixi: 05:11:2025 00:07:57
29